İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə sülh razılaşmalarının irəliləməsini, İranı, regional çağırışları, koronavirusun yayılmasına qarşı mübarizəni müzakirə edib.
Fins.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanası bildirib.
“Netanyahu bu axşam (çərşənbə, 17 fevral) ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb. Söhbət çox isti və dostluq şəraitində keçib və bir saata yaxın davam edib” - “TASS” məlumatdan sitat gətirir.
Dəftərxanada əlavə ediblər ki, Bayden və Netanyahu sülh razılaşmalarının gələcək irəliləyişini, İran təhlükəsini, regional çağırışları müzakirə edib, dialoqu davam etdirməyi və İsraillə ABŞ arasında möhkəm alyansın gücləndirilməsini davam etdirmək üçün birlikdə işləməyi razılaşdırıblar.
ABŞ Prezidenti və İsrail Baş naziri, həmçinin koronavirusa qarşı vaksinasiya və pandemiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.
“The Times of Israel” qəzeti qeyd edib ki, bu, Baydenin ABŞ prezidenti vəzifəsinin icrasına başladığı andan İsrailin Baş naziri ilə birinci danışığı idi.