DÜNYA

15 Fevral

ABŞ-ın yeni prezidenti Joe Biden Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

  ABŞ-ın keçmiş prezidenti Donald Trump sərt sanksiyalar vasitəsilə Huawei də daxil olmaqla Çindən olan bir çox şirkətlərin vəziyyətlərini qəlizləşdirmişdi. Onların ümidləri yeni prezident Joe Biden-ə idi. Belə ki, yeni prezident özündən əvvəl qəbul edilmiş sanksiyalarda yumşaltmalar edə bilərdi. Lakin görünür, Joe Biden bu məsələyə heç bir dəyişiklik etməyəcək. Bu barədə Reuters saytı xəbər verib. Reuters ABŞ-ın yüksək rütbəli məmuruna istinadən bildirib ki, Biden administrasiyası öz müttəfiqləri ilə detallı danışıqlardan öncə sanksiyaların ləğvini reallaşdırmayacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, dövlət rəhbərliyi ABŞ texnologiyalarının Çinə eksport olunması mövzusunda yeni məhdudlaşdırıcı qərarlar verə bilər.

    Biden Çinin hərbi gücünü böyüdə biləcək texnologiyaların eksportunu reallaşdırmaq niyyətində deyil. “Biz bu sanksiyaları müzakirələrin aparıldığı dövrdə saxlayırıq. Çünki biz öncədən heç bir addım atmaq istəmirik. Biden-ın Trump strategiyasını sərt şəkildə tənqid etməsinin əsas səbəbi Trump-ın Çin ilə sərt ticarət aparmamasında deyil. Əsas səbəb Trump-ın bunu bizim müttəfiqlərimizlə mübarizə apararaq tək başına etməsidir” - deyə anonim məmur qeyd edib. Bununla yanaşı ABŞ-ın iqtisadi inkişafı üçün aparıcı rol oynayan texnoloji sektora dövlət investisiyalarının cəlb olunması məsələsində Joe Biden respublikaçılarla əməkdaşlığı planlaşdırır.