DÜNYA

21 Avqust

Avropa İttifaqı Brexit barədə Böyük Britaniya ilə saziş imzalanacağını güman etmir

Çox güman ki, Avropa İttifaqı və Böyük Britaniya Birləşmiş Krallığının ittifaqın tərkibindən çıxmasından (Brexit) sonra gələcək münasibətlər barədə saziş imzalaya bilməyəcək.

Fins.az verir ki, bu barədə Avropa İttifaqının Brexit üzrə danışıqlarda əsas nümayəndəsi Mişel Barnye danışıqların 7-ci raundunun nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

“Avropa İttifaqı və Böyük Britaniya çox güman ki, sazişə nail ola bilməyəcək. Britaniya tərəfinin belə mövqeyi ilə danışıqlara nə üçün vaxt sərf etdiyimizi anlamıram”, - deyə Mişel Barnye bildirib.

Qeyd edək ki, 2020-ci il fevralın 1-də Brexit prosesi üzrə üç il davam edən danışıqların yekununda Brüssel və London keçid dövrü barədə razılığa gəlib. Tərəflər arasında dekabrın 31-nə qədər gələcək münasibətlərin qurulması qaydaları və ticarət şərtləri barədə nəinki sazişə nail olunmalı, həm də saziş imzalandıqdan və ratifikasiya edildikdən sonra qüvvəyə minməlidır. Koronavirus pandemiyası səbəbindən distant keçən danışıqlarda vaxt azlığına baxmayaraq London keçid dövrünü uzatmaq niyyətində deyil.