DÜNYA

23 İyul

Litvanın dövlət borcunun ÜDM-ə nisbəti Aİ-də ən aşağı göstəricilərdən biridir

Litva Avropa İttifaqında (Aİ) dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələr sırasındadır.

Fins.az “Eurostat”ın məlumatına istinadla xəbər verir ki, Litvanın dövlət borcu cari ilin ilk rübündə 16,2 milyard avro təşkil edib. Bu da ölkənin ÜDM-nin 33,2 faizinə bərabərdir.

“Eurostat”a görə, dövlət borcunun ÜDM-ə nisbətinin daha aşağı olduğu ölkələr isə 33,2 faizlə Danimarka, 32,8 faizlə Çexiya, 22,3 faizlə Lüksemburq, 20,3 faizlə Bolqarıstan və 8,9 faizlə Estoniya olub.

Aİ-yə üzv dövlətlər arasında ÜDM-ə nisbətdə ən yüksək dövlət borcu olan ölkə əvvəlkitək Yunanıstandır. Bu ölkədə dövlət borcunun ÜDM-ə nisbəti 176,7 faiz təşkil edir.

Birinci rübdə Aİ ölkələrinin ümumi borcu ÜDM-in 79,5 faizini, Avrozona ölkələrində isə ÜDM-in 86,3 faizini təşkil edib.