DÜNYA

13 İyun

Birləşmiş Ştatlardakı qazma qurğularının sayı azalıb

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.

Fins.az xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd azalaraq 279 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Qazma qurğularının sayı ardıcıl 14-cü həftədir ki, azalır. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 690 ədəd geriləyib. Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd azalaraq 199 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 589 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd artaraq 78 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 103 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.