Microsoft şirkətinin qurucusu, milyarder və filantrop Bill Qeyts insanları vaksin yolu ilə çipləşdirmək iddialarına cavab verib. O, özü ilə bağlı olan bütün əsassız iddiaları rədd edib.
Fins.az xəbər verir ki, bu haqda Business Insider nəşri yazıb.
“Mən heç bir vaxt mikroçip kimi bir şey hazırlamadım. Bu ittihamları rədd etmək belə çətindir, çünki çox axmaqca və qəribədir”.
Geyts, həmçinin narahatlığını da dilə gətirib və sözlərinə əlavə edib ki, əgər virus əleyhinə vaksin tapılacaqsa, bunu ilk növbədə səhiyyə sistemi az inkişaf etmiş ölkələrə göndərmək lazımdır. Amerikalıların bir hissəsi düşünür ki, Bill Qeyts vaksin yolu ilə insanları çipləşdirmək (insanların bədəninə mikroçiplər yerləşdirmək) haqqında düşünür. Belə bir fikrə isə respublikaçı seçicilərin 44%-i, demokratlardan isə 19%-i gəlib.
Maraqlısı isə budur ki, vaksinin inkişaf etdirilməsi yolu ilə insanları çipləşdirmə iddiası, həm Qərbdə, həm də Rusiyada aktualdır. Məsələn, rejissor Nikita Mixalkov özünün verilişi “Besoqon”da Qeytsin vaksin yolu ilə planetin insanları çipləşdirmək istəyindən şübhələndiyini demişdi.
Rusiya 24 kanalı isə onun “Dövlətin cibində kim var?” başlıqlı verilişini təkrara efirə vermədi, o isə öz növbəsində televiziyadakı senzuradan şikayət etmişdi.
©Facemark.az