DÜNYA

15 May

“Facebook” videokonfrans üçün “Messenger Rooms” servisini istifadəyə verib

Amerikanın eyniadlı sosial şəbəkəsinin sahibi “Facebook” kompaniyası mayın 14-də videokonfrans üçün “Messenger Rooms” adlı servisini işə salıb.

Bu barədə kompaniyanın başçısı Mark Sukerberq sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, “Messenger Rooms” hazırda ABŞ və Kanadada hamı üçün əlçatandır və gələn həftə bütün dünya üçün əlçatan olacaq. Servisdə vaxt məhdudiyyəti yoxdur və 50 nəfərədək şəxsi daxil etmək olar. Qrup zənglərini kompaniyanın “Facebook”, “Messenger” sosial şəbəkələrində ödənişsiz yaratmaq mümkündür. Tezliklə bu siyahıya “WhatsApp” və “Instagram” da əlavə ediləcək.

Mark Sukerberq, həmçinin qeyd edib ki, mövcud alət əsasən iş üçün deyil, dostlar və yaxın insanlar arasında ünsiyyət qurmaq üçün nəzərdə tutulur.