DÜNYA

06 May

“Apple” şirkətinin onlayn təqdimatı iyunun 22-də keçiriləcək

Bu ilin mart ayında “Apple” koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq WWDC yaradıcılıq konfransının qeyri-adi (onlayn) formatda keçiriləcəyini bildirmişdir. Banker.az xəbər verir ki, konfransın keçiriləcəyi tarix müəyyənləşdi – 22 iyun.

Yeni format müəyyən hazırlıqlar tələb etdiyindən, keçən illərlə müqayisədə WWDC bir az gecikmiş olur. Adətən WWDC böyük açılış təqdimatından ibarətdir və bu təqdimatda şirkət cihazlarının əməliyyat sistemlərindəki yeniliklər barədə məlumat verir.

Ötən illərdə WWDC-də iştirak etmək üçün bir neçə şərti yerinə yetirmək tələb olunurdu. Birincisi, iştirak haqqının ödənilməsi (1600 ABŞ dollar), ikincisi isə “Apple” in tərtibatçısı olmaq. Bu il şirkətin tərtibatçılarından biri olmaq kifayət edir.

Qeyd edildiyi kimi, “Apple” in təqdimatında 23 milyondan çox tərtibatçı iştirak edəcək. Şirkət iPhone, iPad və Mac məhsullarının gələcəyi barədə məlumat verəcək.