DÜNYA

04 May

“Xiaomi” öz istifadəçilərini izləməkdə şübhəli bilinir

Çinin “Xiaomi” şirkəti istifadəçilərini qanunsuz olaraq izləyir.

“Securitylab” xəbər verir ki, təhlükəsizlik üzrə ekspert Qabi Sirliq tərəfindən aparılan araşdırma göstərib ki, “Xiaomi Redmi Note 8” smartfonu istifadəçinin hərəkətlərini izləyərək əldə olunan məlumatları “Alibaba” şirkətindən icarəyə götürülən serverlərə göndərir.

Belə ki, “Xiaomi”nin standart brauzeri, ziyarət edilən bütün saytlardakı məlumatları, o cümlədən “Google” və “DuckDuckGo”da axtarış sorğularını və xəbər lentindəki materialları qeydə alır. Bu məlumatların qeydiyyatı hətta “Incoqnito” rejimi aktiv olaraq aparılır.

Cihaz açıq qovluqlar, keçid ekranları və parametrlər səhifəsi də daxil olmaqla məlumatları qeyd edir. Məlumatlar Sinqapur və Rusiyadakı serverlərə göndərilir, baxmayaraq ki, onların domenləri Pekində qeydə alınıb.

“Xiaomi”, öz növbəsində, bütün deyilənlərin doğru olmadığını və məlumatların təhlükəsizliyi ilə bağlı yerli qanunlara ciddi əməl etdiyini iddia edir.