Venesuelada böhran respublikada dövlət çevrilişi keçirməyi qarşısına məqsəd qoyan qonşu dövlət tərəfindən hazırlanıb. Ölkə başçısı Nikolas Maduro (Nicolas Maduro) bu fikirdədir.
Venesuela prezidenti Nikolas Maduro Kolumbiya lideri İvan Dukeni (Ivan Duque) milli düşmən adlandırıb. Bu barədə “El Nacional” xəbər verir. Prezident bu sözləri Karakasda ordu nümayəndələrinin qarşısındakı çıxışında deyib.
“Venesuelanın düşməni Boqotada Kasa de Narinyoda oturur və onun adı İvan Dukedir”, - deyə Maduro bildirib. Venesuela prezidentinin sözlərinə görə, respublikanın üzləşdiyi böhran qonşu ölkə tərəfindən hazırlanıb.
Maduronun fikrincə, “Venesuelanı xaosa sürükləmək və dövlət çevrilişi reallaşdırmaq məqsədilə” həyata keçirilən gizli anlaşmalar məhz Kolumbiyadan maliyyələşib.
Venesuela prezidenti müraciəti zamanı Milli Assambleyanın lideri Xuan Quaydonu (Juan Guaido) dəstəkləyən ABŞ-ı da tənqid edib. Dekabrın 15-i Venesuelanın Rabitə və Kommunikasiya naziri Xorxe Rodriges (Jorge Rodríguez) müxalifətin Sukre ştatında hərbçilərə hücum hazırladığını bildirib. Nazirin məlumatında qeyd edilib ki, hücuma hazırlıq Kolumbiyadan maliyyələşib. Daha sonra Venesuelanın Müdafiə naziri Vladimir Lopes (Vladimir Lopez) bəyan edib ki, müxalifət nümayəndələri ölkənin cənubunda hərbi hissəyə hücum edərək, orada saxlanılan silahları ələ keçiriblər. Kolumbiya Xarici İşlər Nazirliyi “qeyri-qanuni Nikolas Maduro rejiminin əsassız, qərəzli ittihamlarını” təkzib edib, Boqotanın hücumda əli olmadığını vurğulayıb.
Venesuelada siyasi vəziyyət yanvar ayından sonra pisləşib. Belə ki, Quaydo Maduronun inaqurasiyasına etiraz əlaməti olaraq özünü müvəqqəti prezident elan edib. ABŞ, Kanada, Gürcüstan və bir sıra Latın Amerikası ölkələri Quaydonu tanıyıb. Rusiya, Çin və Türkiyə ölkənin hazırkı prezidentini dəstəkləyib. Maduronun özü baş verənləri dövlət çevrilişi adlandırıb və səlahiyyət müddəti başa çatanadək – 2025-ci ilədək prezident postunu tərk etməkdən imtina edib.