Bu gün bir çox gənc kredit asılılığından əziyyət çəkir.
Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı Finss.az-a açıqlamasında bildirib ki, problem daha çox yeniyetmələrdə və gənclərdə müşahidə olunur:
"Bu gün, bəli, bir çox gənclər kredit asılılığından əziyyət çəkir. Hətta çox narahatlıq doğuran məqamlardan biri də ondan ibarətdir ki, 18 yaşında bir uşağın artıq bank kartı varsa, valideynlər ona rahat vəziyyətdə ödəniş etməyə kömək edirlər ki, övladları çətinlik çəkməsin. Çox təəssüf ki, onların heç bir iş yeri tələb etmədən kartlarında 100–500 manat kredit götürə biləcəkləri limitsiz imkanlar mövcuddur. Bu limitsiz imkanlardan isə yeniyetmələr faydalanır."
Psixoloq qeyd edib ki, pulun idarə olunmasını bilməyən gənclərdə kredit asılılığı riskini artırır:
"Ağıl olmayan halda belə, pulun idarə olunmasını bilməyən, 'pulu rahat qazandım' düşüncəsində olan insan, onu da rahat xərcləyir. Sabah bu kredit asılılığından hətta kliptomaniya da yarana bilər. Yəni, kliptomaniya oğurluq xəstəliyidir və şəxsiyyət pozuntusundan əmələ gəlir. Kliptoman insan 'evimdə bunu edərəm, amma valideynimə deyə bilmirəm' deyə oğurluq etməyə başlayır."
O, həmçinin əmək haqqı ilə bağlı gənclərin yanlış maliyyə düşüncəsinə diqqət çəkib:
"Biz görürük ki, bir insan düşünür: 'Bu gün real olaraq 1,100–1,500 manat əmək haqqı alıram. Çox rahat kredit götürə bilərəm. Kredit götürüb bütün problemlərimi həll edə bilərəm. Gələn ayın maaşında bunu ödəyərəm.' Amma gələn ay maaşından kreditin tam ödənişi mümkün olsa da, artıq kredit asılılığı yaranır. Kredit asılılığına gedən əsas yolların biri odur ki, asılılıq yarandıqda insan hər ay borclanmağa başlayır."
A.Ələkbərova əlavə edib ki, maliyyə hesabatının olmaması da kredit asılılığını artırır:
"Gəlin görək, biz özümüzə hesabat veririkmi? Pulumuz barəsində hesabat verə bilmədikdə təbiidir ki, kredit asılılığı davam edir. Təcili xərclər var, gözə görünən xərclər var, gözə görünməyən xərclər var. Bir maaş alan insan, planlamasını düzgün etsə, kredit asılılığından əziyyət çəkməz."
O vurğulayıb ki, maarifləndirmə və seminarlarda gənclərə kredit asılılığından qurtulma yolları göstərilməlidir:
"Ona görə də, bu gün müxtəlif seminarlarda gənclərə mütləq şəkildə maarifləndirmə aparılmalı, kredit asılılığından qurtulma yolları göstərilməlidir. Əks təqdirdə bankların təqdim etdiyi, 'rahat pulu götür, amma sabah necə ödəyəcəksən' şəraitindəki imkanlar, kredit asılılığını daha da dərinləşdirir. Bu da bəzən iqromaniya kimi digər riskli davranışlara gətirib çıxarır. İnsan düşünür: 'Mən bir iqroman olsam, mərc oyunlarında oynayaram, udaram.' Banklarda baş verən borclanma zənciri də insanı yenidən növbəti kredit asılılığına doğru aparır."
Fuad Mədətov
Finss.az