Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) ali təhsil müəssisələrinin sərgisinə start verilib.
Finss.az xəbər verir ki, açılışda çıxış edən DİM-in aparat rəhbəri Vəfadar Misirov abituriyentlər üçün ixtisas seçiminin əhəmiyyətindən danışıb və sərginin bu prosesdə əhəmiyyətli rol oynayacağını vurğulayıb. O, ali məktəb nümayəndələri ilə abituriyentlərin birbaşa ünsiyyət qurmasının seçimdə düzgün qərar verməyə kömək edəcəyini qeyd edib.
Sərgidə ölkənin 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, eləcə də bir sıra qurumlar – Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı, e-psixoloq.az, otk.az və DİM-in digər bölmələri iştirak edir.
Sərgi 30 iyul – 1 avqust 2025-ci il tarixlərində Bakı şəhərində, DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında keçirilir.
Tədbirin məqsədi abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və ixtisas seçiminə dəstək göstərməkdir. Ziyarətçilərə DİM-in hazırladığı ödənişsiz “Peşə seçimi” testlərindən istifadə imkanı da verilir.
Sərgidə iştirakçılar universitet nümayəndələri ilə görüşərək ixtisaslar, tədris planları, təhsil haqları, güzəştlər və təqaüd proqramları ilə bağlı suallarına cavab ala bilərlər.
Tədbirdə abituriyentlərlə yanaşı valideynlərin iştirakı da mümkündür. Sərgiyə giriş ödənişsizdir, qeydiyyat isə sərgi günlərində onlayn şəkildə aparılır.