Finss.az - İyulun 19-u və 20-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.
Ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 50-yə yaxın fermer iştirak edəcək. Fermerlər 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.
Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.
Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur