Finss.az - Mayın 15-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla 50-dən 3200 manatadək pul vəsaitləri oğurlanıb.
Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı vətəndaşlara müraciət edərək, bank kartının üzərindəki CVV/CVC kodları və SMS vasitəsilə göndərilən OTP kodlarının məxfi saxlanmasının vacibliyini vurğulayıb.
Nazirlik xəbərdarlıq edir ki, naməlum şəxslərə bu məlumatların verilməsi hesabınızda olan pulların oğurlanmasına və ya kredit formasında zərərin yaranmasına səbəb ola bilər. Həmçinin, şübhəli zənglər və mesajlara, xüsusən cəlbedici qazanc, sığorta, viza işləri və bank hesablarının möhkəmləndirilməsi ilə bağlı təkliflərə diqqətlə yanaşmaq lazımdır. Naməlum nömrələrdən gələn zənglər və mesajlar dərhal bloklanmalıdır.
DİN vətəndaşları bu kimi hallardan qorunmaq üçün bank məlumatlarını paylaşmamağa və rəsmi bank kanallarından istifadə etməyə çağırır.