Cəmiyyət

15 May

Küllü miqdarda pulun mənimsənilməsi ilə bağlı məhkəmə prosesi davam edir

Finss.az - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Auditorlar Palatasının Maliyyə və Texniki Təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə ifadə verən prokurorluq əməkdaşı Vəlixan Allahverdiyev cinayət işi üzrə aparılan hesab əməliyyatları ilə bağlı rəy təqdim edib. O bildirib ki, əvvəlcə Auditorlar Palatası tərəfindən yoxlama aparılıb, daha sonra isə prokurorluğun yoxlamaları davam etdirilib.

Vəlixan Allahverdiyev qeyd edib ki, 2018-2022-ci illər ərzində aparılan yoxlama zamanı bir neçə şəxsin qanunsuz olaraq müxtəlif kartlara pul vəsaitləri köçürdüyü müəyyən olunub. 2019-cu ilədək pullar kassadan, daha sonra isə Auditorlar Palatasının kassasından banka və oradan müxtəlif kartlara hissə-hissə köçürülüb.

Təqsirləndirilən Vəli Rəhimovun vəkili Faiq Nəcəfov kassa yoxlaması zamanı mədaxil və məxaric olan pulların qeydiyyatı barədə sual verib. Prokurorluq nümayəndəsi həmin məbləğləri əzbər xatırlamadığını, lakin qeydləri əldə etdiyini bildirib.

Vəli Rəhimov həmçinin Gövhər Əhmədovanı saxta sənəd təqdim etməkdə ittiham edib və qeyd edib ki, ona 65 nəfərin adı göstərilən şəxslərin siyahısı imzalamaq üçün verilib. Vəli Rəhimov vurğulayıb ki, maksimun maaş 500 manat olub, lakin sənədlərdə daha yüksək məbləğlər göstərilib.

Məhkəmədə mühasibatlıq ekspertizası aparılması ilə bağlı vəsatət verilib və vəsatət təmin olunub.

İttihama görə, 2018-ci ildən etibarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ödəniş cədvəllərində, illik hesabatlarda və digər sənədlərdə qohumları adına, onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabları açılıb, həmin kartlara ümumilikdə 717 min 311 manat pul köçürülərək nağdlaşdırılıb və mənimsənilib.

Məhkəmənin növbəti prosesi 4 iyul tarixində keçiriləcək.