Cəmiyyət

04 May

II Türk İnteqrasiya Olimpiadası möhtəşəm türklük bayramı kimi yadda qaldı

Təşkilat Komitəsinin qərarına əsasən, III Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.

Mayın 3-də Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.

Finss.az xəbər verir ki, tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb. O qeyd edib ki, Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir" fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı olub.

Şəmil Sadiq əlavə edib: “Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Dövlət başçısı bu təşkilatı yeganə ailəmiz adlandırdı: ‘Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.’ Biz də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq.”

TİO-nun 10 ildən artıq müddətdə Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında formalaşdığını bildirən layihə rəhbəri deyib: “Bir sualın şərtində və cavab variantlarında 2–5 fənnin inteqrasiyası yer alır. TİO-da hər sualda inteqrasiya olunan fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədə olur.”

O vurğulayıb ki, dünyada bütün elm sahələrində inteqrasiya prosesi gedir və bu, artıq təhsil kurikulumlarının əsas hissəsinə çevrilib. Onun sözlərinə görə, 300 milyonluq türk dünyasının ortaq dil, elm, tarix və mədəniyyətini bir araya gətirmək üçün TİO dörd əsas məqsədi qarşıya qoyub:

  • Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
  • Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
  • Türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
  • “İşdə, dildə, əməldə birlik” şüarını reallaşdırmaq və ortaq mədəniyyəti əyani şəkildə nümayiş etdirmək.

Şəmil Sadiq bildirib ki, 2025-ci il buraxılışında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Qaqauz elindən 13–16 yaş aralığında olan şagirdlər iştirak edib. “Ölkəmizin regionda elm mərkəzi olmaq şansı böyükdür. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bu prosesdə bizim də dəstəyimiz olmasın?” – deyə o bildirib.

Layihə rəhbəri qeyd edib ki, hazırda Bakıda keçirilən final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalında 8 ölkədən 100-dən çox şagird iştirak edir.

Mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsinin üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Ceyhun Məmmədov və Vüqar Rəhimzadə, elm xadimləri, təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Mərasimdə bildirilib ki, Olimpiadanın ölkə seçim mərhələsi 2024-cü ilin aprelində onlayn formatda baş tutub. I mərhələdə 8 ölkədən, 1741 məktəbdən 3000-dən çox şagird iştirak edib. Onlardan yalnız 170 nəfər finala vəsiqə qazanıb. Finalda isə 20 nəfər qızıl, 20 nəfər gümüş, 20 nəfər isə bürünc medalla təltif olunub. Ən yüksək nəticə göstərən 3 şagird isə Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd qazanıb.

Mükafatlandırma mərasimi Bakı şəhərindəki “Grand Neon” restoranında keçirilib. Qaliblərə medallar, sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. “Yaxşıların yaxşısı” nominasiyası üzrə qalib olan şagird isə “Qızıl Alma” mükafatına layiq görülüb.

Layihəyə dəstək göstərən qurumlardan biri – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) bu ildən etibarən “Akıllı Bala” adlı özəl mükafat təsis edib. Bu il mükafat Şimali Kiprdən olan bir məktəbliyə təqdim olunub.

Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq ikinci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının bu ilki təşkilatçıları – TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Turan Universiteti, Azərbaycan Dövlət Televiziyası və Hədəf Şirkətlər Qrupudur.

Layihəyə dəstək verən digər qurumlar bunlardır: SinKod, Faiqoğlu MMC, MUSİAD Azərbaycan, Nəsibə Aydın Məktəbləri, CASCFEN, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, ELTA, Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, E12, HiLanguages və Hədəf Global.

Qeyd edək ki, TİO Təşkilat Komitəsinin qərarına əsasən III Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində keçiriləcək.