Cəmiyyət

29 Aprel

Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələri dəstəkləməyə hazırdır

Finss.az - Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə böyük əhəmiyyət verir.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrinin müşaviri İslam Babajanov məlumat verib.

Onun sözlərinə görə, Özbəkistan burada toxuculuq sənayesi, təhsil və s. sahəsində həyata keçirilən layihələrdə iştirak edir. “Düşünürəm ki, onlar inkişaf edəcək və biz də bu istiqamətdə maksimum səy göstərəcəyik”, - İ.Babajanov qeyd edib.

Ticarət və Sənaye Palatası sədrinin müşaviri Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu vurğulayaraq, bu istiqamətdə dövlət başçılarının mühüm töhfələrini vurğulayıb: "Dövlət başçıları səviyyəsində ölkələrimizin qarşılıqlı fəaliyyət göstərə biləcəyi bir çox məsələlər müzakirə olunub. Bunlara irimiqyaslı istehsal, eləcə də sahibkarlıq, ticarət və turizm daxildir. Əczaçılıq və enerji sektorlarında da əməkdaşlıq fəal şəkildə inkişaf edir".

O, türk dövlətlərindən olan sahibkarların Bakıda Türk Ticarət Mərkəzi çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib. "Bu istiqamətdə çox işlər görülüb. Bu, əlbəttə ki, bizi bir-birimizə daha da yaxınlaşdırır və bir çox məsələlərin həllinə kömək edir. Mən istərdim ki, belə mərkəzlər bütün türk dövlətlərində fəaliyyət göstərsin. Bu, əməkdaşlığın inkişafı üçün daha bir müsbət addım olar", - İ.Babajanov vurğulayıb.