Cəmiyyət

28 Aprel

Kommunal xidmətlərlə bağlı yenilik

Finss.az - Azərbaycan hökuməti, kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanı tətbiq etmək məqsədilə mühüm addım atıb.

"Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi" təsdiqlənib. Bu layihənin məqsədi, kommunal xidmətlərdə şəffaflığın artırılması və idarəetmənin daha effektiv hala gətirilməsidir.

Yol xəritəsinə görə, 1 may tarixinə qədər kommunal qurumlar üçün vahid abunəçi kodu mexanizminin yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. 2025-ci ilin sonuna qədər layihənin əsas mərhələlərinin tamamlanması nəzərdə tutulur. Bu sistemin yaradılmasına rəhbərlik İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçiriləcək.

Vahid İnformasiya Sistemi ilə xidmət keyfiyyəti və şəffaflıq artacaq

Agentlikdən verilən məlumatlara görə, bu sistem kommunal xidmətlər sahəsində məlumatların toplanması, analizi və vətəndaşlara elektron xidmətlərin təqdim edilməsi üçün əsas infrastruktur olacaq. "Sistem vasitəsilə kommunal xidmət sahəsində həm dövlətin idarəetmə funksiyası güclənəcək, həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq", - deyə bildirilib.

Sistemin istifadəsi ilə vətəndaşlar bir platformadan elektrik, qaz, su, istilik və digər kommunal xidmətlərlə bağlı məlumatları izləyə, ödənişləri rahatlıqla həyata keçirə biləcəklər. E-xidmətlər sayəsində onlayn ödənişlər, elektron müraciətlər, xəbərdarlıqların alınması və avtomatik ödənişlər kimi funksiyalar təqdim ediləcək.

Gələcəkdə daha çox xidmət inteqrasiya ediləcək

Yol Xəritəsinə əsasən, ilkin mərhələdə sistemə elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik təchizatı xidmətləri daxil ediləcək. Gələcək mərhələlərdə isə yaşayış binalarının idarə olunması (MİS), liftlər və mənzil fonduna dair xidmətlər də sistemə inteqrasiya oluna bilər.

Pilot layihə ilə başlanacaq

Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq ediləcək. İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra, sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır. 2025-ci ilin sonuna qədər abonentlər üçün fərdi identifikasiya nömrəsi üzrə məlumat bazasının mötəbərliliyi 90 faizə çatdırılacaq.

Elektron hökumət xidmətləri daha əlçatan olacaq

Ekspertlər, vahid abunəçi kodunun tətbiqi ilə bütün kommunal xidmətlər üzrə məlumatların mərkəzləşdirilmiş şəkildə toplanacağını bildirirlər. "Xidmətlərin 50 faizi və bildirişlər 'myGov' üzərindən təqdim ediləcək. Elektron hökumət xidmətləri daha əlçatan olacaq və ödənişlər daha sadə olacaq", - deyə qeyd edilib.

Yeni nəsil "ağıllı sayğaclar" və insan faktoru

Sistemin tətbiqindən sonra yeni nəsil "ağıllı sayğaclar"ın qurulması planlaşdırılır. Bu sayğaclar mərkəzdən idarə olunacaq və sahə müfəttişlərinə olan ehtiyacı aradan qaldıracaq. Ekspertlər bildirirlər ki, bu sistem insan faktorunu aradan qaldırmaqla kommunal xidmətlər üzrə neqativ halların qarşısını alacaq.

 © "Kaspi"