Cəmiyyət

25 Aprel

Gənclərin Sosial Media Forumu 2025: Rəqəmsal dünyada yeni impulslar

2025-ci il, 19 aprel tarixində Avropa Azərbaycan Məktəbində keçirilən Gənclərin Sosial Media Forumu böyük uğurla başa çatıb.

Finss.az xəbər verir ki, ölkədə ikinci dəfə təşkil edilən bu forum, 2024-cü ildə ilk dəfə keçirilərək böyük rəğbət qazandıqdan sonra, bu il daha geniş format və zəngin proqramla iştirakçılarla bir araya gəldi.

Tədbirə 800-ə yaxın iştirakçı qatıldı və forumda sosial media, süni intellekt və rəqəmsal yaradıcılıq sahələrində ən aktual məsələlər müzakirə olundu. Peşəkar spikerlər, sosial media alqoritmləri, süni intellekt alətləri, marketinq kampaniyaları və digər dövrün vacib mövzuları barədə iştirakçılarla dəyərli biliklərini və şəxsi təcrübələrini bölüşdülər.

Forumda çıxış edən spikerlərdən arasında Sabir Camal, Göktuğ Sarı, Fərid Hacıyev, Nicat Manafov, Cəfər Nəcəfov, Məhəmmədli Hüseynov və Türkiyədən dəvət olunan Betül Uslu mövzularına dair müfəssəl təqdimatlar edərək iştirakçılarda böyük maraq yaratdılar.

Forumun layihə rəhbərləri Hacı Qafarov və Osman Məmmədli də tədbirdə çıxış edərək, Gənclərin Sosial Media Forumunun yaranma hekayəsini, məqsədini və bu təşəbbüsün arxasında çalışan yaradıcı komandanın enerjisini iştirakçılarla bölüşdülər. Onların çıxışı forumun davamlı inkişaf və innovasiya prinsiplərini əks etdirdi.

Tədbirin bir başqa diqqətəlayiq hissəsi isə, Azərbaycanın ən reytinqli podkast platformalarından biri olan “Söhbətgah” komandasının təqdim etdiyi xüsusi panel oldu. Tural Yusifov və Əli Xəyyam ilə keçirilən bu paneldə gənclər sahəyə dair birbaşa fikir və tövsiyələr əldə etdilər.

Forumda həmçinin spikerlər, təqdim etdikləri alətlər və resurslar barədə məlumat verərək, iştirakçılara real tətbiq nümunələri təqdim etdilər. Tərəfdaş və sponsorların dəstəyi ilə müxtəlif hədiyyələr təqdim olundu, interaktiv aksiyalar keçirildi, beləliklə iştirakçılar həm öyrədici, həm də motivasiyaedici bir təcrübə qazandılar.

Canlı musiqi fasiləsi isə tədbirə xüsusi rəng qatdı. Kadir Özalın səhnə performansı zalı enerji ilə doldurdu və iştirakçılar musiqi sədaları altında coşqulu anlar yaşadılar. Təşkil olunan nahar fasilələri isə gənclərin qeyri-rəsmi ünsiyyət qurması, fikir və ideya paylaşması üçün əla fürsət oldu.

Forumun əsas məqsədi ölkədə sosial media sahəsində savadlılığın artırılması, innovativ məzmun yaradıcılığına dəstək verilməsi, gənclərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və peşəkarlarla əlaqələrin qurulması idi. Bu məqsəd doğrultusunda forum, gənclər üçün həm fərdi inkişaf, həm də karyera istiqamətində mühüm imkanlar yaratdı.

Forumun növbəti illərdə daha geniş miqyasda davam etdirilməsi planlaşdırılır.

Gələcək tədbirlər və forumla bağlı əlavə məlumat üçün rəsmi səhifələrə keçid edə bilərsiniz:

Fuad Mədətov
Finss.az