Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunub.
Finss.az xəbər verir ki, İftar mərasimində Milli Məclisin deputatları, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, tanınmış ictimai-siyasi xadimlər, şəhid ailələri, qazilər və tələbələr iştirak ediblər.
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu tədbirdə vurğulayıb ki, Azərbaycan və Türkiyə həm xoş günlərdə, həm də çətin anlarda bir-birinin yanında olurlar. O, xüsusilə qeyd edib: “Türkiyə bilir ki, heç kim olmasa da, yanında Azərbaycan var. Bu birliyimiz daim olsun.”
Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov isə çıxışında Azərbaycan və Türkiyə arasındakı sıx əlaqələrə toxunub, ulu öndər Atatürkün “İki dövlət, bir millət” tezisini xatırladıb. Budaqov 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi dəstəyi unutmuyacaqlarını və Türkiyənin 6 fevral zəlzələsindən sonra Azərbaycan xalqının yardımlarını qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycanın ikinci vətəni olduğunu vurğulayıb və burada çalışmaqdan şərəf duyduğunu bildirib: “Bizim qardaşlığımız sözdə deyil, həm də əməldə özünü büruzə verir.”
TBMM deputatı Şamil Ayrım, UİD-in türk diasporasının güclənməsi və Türkiyə-Azərbaycan birliyinin beynəlxalq təsirinin artırılması üçün mühüm işlər gördüyünü qeyd edib. O, həmçinin, Türkiyə və Azərbaycan diasporalarının birgə fəaliyyətinin ortaq hədəflərə çatmağı asanlaşdıracağını vurğulayıb.
Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör isə təşkilatın 2004-cü ildə Almaniyada yaradıldığını və hazırda 32 ölkədə fəaliyyət göstərdiyini bildirib. Aygör, bu il təşkil etdikləri iftar süfrələrinin sayının 900 nəfəri keçdiyini qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir isə iftar süfrələrinin təşkilinin Azərbaycan və Türkiyə arasındakı yardımlaşmanı daha da möhkəmləndirdiyini bildirib və xüsusilə Ramazan ayında yardımlaşmanın əhəmiyyətinə toxunub.
Bu tədbir, iki ölkə arasında dostluq və əməkdaşlığın davamlı olaraq inkişaf etdiyini və bu cür sosial layihələrin birliyə töhfə verdiyini bir daha nümayiş etdirdi.
Fuad Mədətov
Finss.az