Cəmiyyət

06 Mart

Azərbaycanın su ehtiyatlarının dəqiq xəritəsi hazırlanır - Ataxan Bədəlov

Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının qiymətləndirilməsi iki istiqamət üzrə aparılır: yeraltı və yerüstü su mənbələri.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Ataxan Bədəlov brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, yeraltı su ehtiyatlarının qiymətləndirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geoloji Kəşfiyyat Agentliyi” tərəfindən həyata keçirilən hidrogeoloji tədqiqatlara əsaslanır. Bu prosesdə 8800 müşahidə quyusundan, eləcə də 2100-dən çox müalicəvi, kəhriz və termal su quyularından əldə edilən məlumatlardan istifadə edilir.

Yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə respublika ərazisində çaylar və Xəzər dənizinin Azərbaycana aid hissəsində 88 hidroloji monitorinq məntəqəsində suyun səviyyəsi, temperaturu və sərfi ölçülür. Monitorinqlər gün ərzində iki dəfə aparılır, kimyəvi analizlər üçün su nümunələri götürülərək laboratoriyalara göndərilir.

Bundan əlavə, hidrogeoloji meliorativ vəziyyətin qiymətləndirilməsi çərçivəsində suvarılan ərazilərdə torpaq nümunələri üzərində analizlər aparılır. Bu analizlər suyun 1 litrində duzların miqdarını müəyyən etməyə imkan yaradır və nəticələr əsasında 1:50000 miqyasında şorlaşma xəritələri hazırlanır. Bu xəritələr torpaqlarda təkrar şorlaşma risklərinin qarşısının alınması üçün meliorativ tədbirlərin görülməsinə imkan verir.

A.Bədəlov bildirib ki, çaylar üzərində yerləşdirilmiş 40 avtomat hidroloji stansiya vasitəsilə real vaxt rejimində su ehtiyatları barədə məlumatlar əldə olunur. Gələcəkdə su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi üçün monitorinq şəbəkəsinin avtomatlaşdırılması, yeraltı və yerüstü suların elektron coğrafi sxem və xəritəsinin hazırlanması planlaşdırılır.