Cəmiyyət

06 Mart

Azərbaycanda yerüstü su hövzələrinin çirklənməsinin qarşısının alınması üçün yeni qaydalar hazırlanıb

Azərbaycanda təsərrüfat-məişət və istehsalat məqsədilə istifadə olunan yerüstü su hövzələrinin (çaylar, göllər, su anbarları və s.) tullantı suları ilə çirklənməsinin qarşısını almaq üçün yeni qaydalar hazırlanıb. Sənəd beynəlxalq təcrübə və ölkənin mövcud qanunvericilik aktları – “Su Məcəlləsi”, “Su təchizatı və tullantı suları haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” qanunları nəzərə alınaraq tərtib edilib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Ataxan Bədəlov brifinq zamanı məlumat verib.

O bildirib ki, yerüstü və yeraltı su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya təbii xassələrinin dəyişdirilməsi Cinayət Məcəlləsinə əsasən məsuliyyət yaradır. Belə hallarda 10 min manatadək cərimə, azadlığın məhdudlaşdırılması və ya 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

A.Bədəlovun sözlərinə görə, strategiya çərçivəsində bir sıra praktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. O, su ehtiyatlarının idarə edilməsi və mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənildiyini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi və tənzimlənməyən məsələlərin həlli üçün yeni hüquqi mexanizmlərin işlənib hazırlandığını qeyd edib.