Bu gün “Bakı Fond Birjası” (BFB), BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyasının (WFE) birgə təşəbbüsü ilə “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” mərasimi keçirilib.
Finss.az xəbər verir ki, tədbir “Bakı Fond Birjası”nın İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımovun açılış niqti ilə başlayıb. Daha sonra Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Edvard Evans, BMT Qadınlar Agentliyinin Azərbaycanda Proqram rəhbəri Pərvanə Bayramova, Azərbaycan Respublikasının Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini Rəna İsgəndərova, CFI Financial İnvestisiya şirkətinin direktoru Pərvanə Qasımova, "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) ictimai Birliyinin İcraçı direktoru Murad Yəhyayev çıxış ediblər.
Tədbirin iştirakçıları bu növ qlobal təşəbbüslərin cəmiyyətdə gender bərabərliyinin inkişafına, işgüzar məkanda, korporativ səviyyədə və sosial cəmiyyətdə qadınların səlahiyyətlərinin gücləndirilməsinə etdiyi təsirdən danışıblar.
Sonda qonaqların iştirakı ilə açılış zəngi çalınıb.
Qeyd edək ki, “Bakı Fond Birjası” BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə 2020-ci ildən etibarən əməkdaşlıq edir. Hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” mərasimini həyata keçirirlər.
Fuad Mədətov
Finss.az
