Finss.az - Bakıda keçirilən III "Vergi və Mühasibatlıq Zirvəsi"ndə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, ölkədə "boz iqtisadiyyat"ın leqallaşdırılması və iqtisadiyyatda şəffaflığın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edildiyini vurğulayıb.
İmanov qeyd edib ki, son illərdə həyata keçirilən islahatlar xüsusilə qeyri-neft sektorunun şəffaflaşmasına və inkişafına ciddi töhfə verib: “İqtisadi inkişafın təmin edilməsi üçün ən vacib amillərdən biri fiskal dayanıqlığın qorunması, biznes subyektlərinin şəffaf fəaliyyətinin təşviq edilməsi və vergi siyasəti vasitəsilə məşğulluğun artırılmasıdır. Hədəfimiz sahibkarlıq mühitini daha əlverişli etmək və vergi ödəyicilərinin könüllü ödənişlərini təşviq edərək iqtisadi aktivliyi artırmaqdır.”
Nicat İmanov, son altı ildə aparılan islahatların qeyri-neft sektorunda məşğulluğun artmasına və iqtisadiyyatın daha da inkişaf etməsinə ciddi təsir etdiyini bildirib. O, qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun 82% artdığını, əməkhaqqı fondunun 2,7 dəfə böyüdüyünü və aktiv vergi ödəyicilərinin sayının 2019-cu illə müqayisədə 1,8 dəfə artdığını qeyd edib. ƏDV ödəyicilərinin sayının isə üç dəfə artdığı vurğulanıb.
"Bu göstəricilər sahibkarlığın inkişafı və iqtisadiyyatın şəffaflaşması istiqamətində atılan addımların uğurlu nəticəsidir. Vergi xidməti olaraq yeni dövrdə fəaliyyətimizi daha iddialı və hədəf-oriented siyasətlə davam etdirməyi planlaşdırırıq", - deyə Nicat İmanov əlavə edib.
DVX-nin təqdim etdiyi bu irəliləyişlər, ölkə iqtisadiyyatında şəffaflığın artırılması və qeyri-neft sektorunun gücləndirilməsi sahəsində atılan mühüm addımlar kimi qiymətləndirilir.