Finss.az - Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən “Ocean Fish” qida məhsullarının satışı mağazasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi pozuntular aşkar edilib.
Yoxlama zamanı mağazada satılan bir sıra konservləşdirilmiş qida məhsulları, o cümlədən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı məhsullar və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsulları ilə bağlı ciddi qanun pozuntuları ortaya çıxıb. Bu məhsulların keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktlarının və mənşə sənədlərinin olmadığı müəyyən edilib.
Bundan əlavə, məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının mövcud olmadığı aşkarlanıb. Həmçinin, mağazanın rəfində mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da tapılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aşkar olunan pozuntularla əlaqədar müvafiq tədbirlər görüb və satışa qadağa qoyulub. Həmçinin, hüquqi qiymət verilməsi məqsədilə məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.