Finss.az - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə bildirib ki, 2024-cü ildə ölkəmizdə 232 dövlət standartı qəbul edilib.
Bu, 2023-cü il ilə müqayisədə 1,5 dəfədən çox artım deməkdir.
Ötən il qəbul olunan standartlar müxtəlif sahələri əhatə edir. Bu sahələr arasında qida texnologiyası və kənd təsərrüfatı 67 standartla ön planda durur, tikinti materialları üzrə 12, idarəetmə və keyfiyyət üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələrində isə 25 standart qəbul olunub. Bundan əlavə, neft-qaz və əlaqəli texnologiyalar üzrə 4 standart, zərgərlik üzrə 6 standart, ətraf mühitlə bağlı 16 standart, nəqliyyat üzrə 13 standart, səhiyyə-tibb üzrə 1 standart, tekstil və plastik sahəsində 13 standart, əməyin təhlükəsizliyi üzrə isə 56 standart qəbul edilib.
Kəmalə Məmmədzadə qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə beynəlxalq standartların tətbiqi, milli standartlara yenidən baxılması və müasir tələblərə cavab verən yeni standartların hazırlanması vacibdir. O, ötən il ümumilikdə 105 standartın dövri yoxlanıldığını və 195 beynəlxalq (regional) və dövlətlərarası standartın ölkəmizdə tətbiqinə icazə verildiyini bildirib.