Finss.az xəbər verir ki, Emirates Airline şirkəti Boeing ilə ümumi dəyəri 38 milyard dollar olan yeni təyyarə sifarişi üzrə müqavilə imzalayıb. Razılaşmaya əsasən, şirkət 65 ədəd geniş gövdəli Boeing 777-9 təyyarəsi alacaq. Müqavilə Dubay Hava Sərgisinin ilk günündə rəsmiləşdirilib.
Sifariş paketinə həmçinin 130 ədəd GE9X mühərrikinin çatdırılması daxildir. Bu mühərriklər Boeing-in yeni nəsil 777X seriyası üçün nəzərdə tutulub və dünyanın ən güclü kommersiya təyyarə mühərriklərindən biri hesab olunur.
Təyyarələrin və mühərriklərin təchizatının 2027-ci ilin ikinci rübündən etibarən başlanacağı bildirilir. Bu sifariş Emirates-in uzunməsafəli uçuşlar üzrə donanmasını daha da genişləndirəcək və aviasiya bazarında şirkətin lider mövqeyini möhkəmləndirəcək.
