BİZNES

17 Noyabr

Texniki tənzimləmə sahəsində laboratoriyaların yenilənməsində maraqlı olan sahibkarlıq subyektləri ilə görüş keçiriləcək

Finss.az - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 04 dekabr 2025-ci il, saat 11:00-da texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağının) aparılmasını təmin edən laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsində, o cümlədən yeni laboratoriyaların qurulmasında maraqlı olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş təşkil olunacaq.

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçiriləcək görüş zamanı sözügedən sahədə laboratoriya şəbəkəsinin optimallaşdırılması və yaradılması istiqamətində məsələlər müzakirə ediləcək. Həmçinin qeyri-qida istehlak malları üzrə sınaqların aparılması üzrə mövcud laboratoriyaların imkanları nəzərdən keçiriləcək.

Qeyd edək ki, texniki tənzimləmənin şamil olunduğu qeyri-qida istehlak mallarına, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair təhlükəsizlik tələbləri texniki reqlamentlərdə müəyyənləşdirilir və texniki reqlamentlər bu tələblərin yerinə yetirilməsini zəruri edən texniki-normativ-hüquqi aktlardır. Burada məqsəd məhsulların təhlükəsizliyini təmin etməklə insan həyatı və sağlamlığı, ətraf mühit, eləcə də istehlakçıların qanuni maraqlarına zərər vura biləcək risklərin qarşısını almaq, beynəlxalq ticarətdə maneələri aradan qaldırmaq və malların sərbəst dövriyyəsinə şərait yaratmaqdır.

Maraqlı tərəflər müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə və görüşdə iştirak edə bilərlər.

Məkan: Hökumət Evi (Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84), 671-ci otaq.