BİZNES

13 Noyabr

Azərbaycanda vergi ödəyicilərinin sayı 4,8% artıb

Bu ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.660.182 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 7,0 faiz artıb.

Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 2024-cü ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 202.088 vahid təşkil edib. 2025-ci ilin yanvar - oktyabr aylarında 12.042 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi isə xarici investisiyalıdır.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,3 faiz təşkil edib.

Fuad Mədətov
Finss.az