BİZNES

12 Noyabr

“Şahdəniz” yatağından qaz ixracı artıb

2025-ci ilin ilk üç rübündə “Şahdəniz” yatağından hasil edilən qazın sutkada orta hesabla 74,5 milyon standart kubmetr (təqribən 2,63 milyard standart kub fut) hissəsi Səngəçal terminalından ixrac olunub.

Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövründə ixrac 74 milyon kubmetr olub, yəni illik artım təxminən 0,7% təşkil edib.

Qazın ixracı Cənubi Qafqaz boru kəməri (SCP) və onun genişləndirilmiş sistemi, həmçinin terminalın qaz-emalı qurğularını “Azəriqaz” milli şəbəkəsi ilə birləşdirən boru kəmərləri vasitəsilə həyata keçirilir.

2025-ci ilin üçüncü rübündə həm “Azəri-Çıraq-Günəşli” (AÇG), həm də “Şahdəniz” yataqlarından hasil edilən neft və qaz sualtı boru kəmərləri ilə Səngəçal terminalına çatdırılıb. Terminalın gündəlik emal gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün isə təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.

Fuad Mədətov
Finss.az