Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin sentyabr ayında 128,8 bənd səviyyəsində müəyyənləşib. Bu göstərici avqust ayı ilə müqayisədə 0,7% azalıb, lakin ötən ilin eyni dövrünə nisbətən 3,4% artım qeydə alınıb.
Finss.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumataına əsasən xəbər verir ki, hesabat dövründə ət məhsulları üzrə qiymət indeksi artıb, şəkər, bitki yağları, süd və taxıl məhsulları üzrə isə azalma müşahidə olunub.
Taxıl məhsulları
Taxıl məhsulları üzrə Qiymət İndeksi sentyabr ayında orta hesabla 105,0 bənd təşkil edib.
- Avqust ayına nisbətən 0,6 bənd (0,6%),
- Ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,5 bənd (7,5%) azalma qeydə alınıb.
Azalmanın əsas səbəbləri kimi:
- Avropa İttifaqı, Şimali Amerika və Rusiyada yüksək məhsuldarlıq nəticəsində buğda qiymətlərinin enməsi,
- Braziliya və ABŞ-də qarğıdalı üzrə bol tədarük proqnozları,
- Düyü qiymətlərində azalma göstərilir.
Bitki yağları
Bitki Yağları Qiymət İndeksi sentyabrda 167,9 bənd təşkil edib.
- Avqust ayına nisbətən 1,2 bənd (0,7%) azalıb,
- Lakin ötən ilin eyni dövrü ilə müqayisədə 25,0 bənd (18%) artıb.
Azalmanın səbəbləri:
- Malayziyada avqust ehtiyatlarının gözləniləndən yüksək olması səbəbindən palma yağı qiymətlərinin düşməsi;
- Argentinadan artan ixrac tədarükü fonunda soya yağı qiymətlərinin azalması.
Ət məhsulları
Ət Qiymətləri İndeksi sentyabrda 127,8 bənd olub.
- Avqust ayına görə 0,9 bənd (0,7%) artım,
- Ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,9 bənd (6,6%) artım müşahidə olunub.
Artımın səbəbləri:
- Avstraliyada yüksək qiymətlər,
- Çin və ABŞ-də artan tələbat nəticəsində mal ətinin bahalaşması,
- Okeaniyada aşağı ixrac imkanları fonunda qoyun ətinin qiymət artımı.
Süd məhsulları
Süd Məhsulları Qiymət İndeksi sentyabrda 148,3 bənd təşkil edib.
- Avqust ayına nisbətən 4 bənd (2,6%) azalıb,
- Ötən ilin eyni dövrünə görə isə 11,8 bənd (9%) artıb.
Azalmanın əsas səbəbi:
-
Yeni Zelandiyada yüksək təklif səbəbindən kərə yağı və süd tozu qiymətlərinin ucuzlaşması.
Şəkər
Şəkər Qiymət İndeksi sentyabrda 99,4 bənd olub.
- Avqustla müqayisədə 4,2 bənd (4,1%),
- Ötən ilin eyni dövrünə nisbətən isə 26,9 bənd (21,3%) azalıb.
Azalmanın səbəbləri:
-
Braziliyada yüksək məhsuldarlıq və böyük əzmə həcmləri,
-
Hindistan və Taylandda əlverişli hava şəraiti və bol musson yağışları nəticəsində şəkər tədarükünün artması.
Azərbaycan üzrə vəziyyət
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 105,7% olub.
- Qida məhsulları, içkilər və tütün məmulatları üzrə – 106,7%,
- Qeyri-qida malları üzrə – 102,6%,
- Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə – 106,8%.
Yalnız sentyabr ayında isə istehlak qiymətləri indeksi avqust ayına nisbətən 101,1% səviyyəsində qeydə alınıb.
Fuad Mədətov
Finss.az
