BİZNES

27 Oktyabr

Azərbaycana 5 ölkədən 83 min ton “Aİ-95” markalı benzin gətirilib

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycana 5 ölkədən ümumilikdə 83,4 min ton həcmində, 70,455 milyon ABŞ dolları dəyərində “Aİ-95” markalı mühərrik benzini idxal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1,8 dəfə (36,5 min ton), dəyər baxımından isə 58,4% (26 milyon ABŞ dolları) artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan yalnız bir ölkəyə – Gürcüstana “Aİ-95” markalı benzin ixrac olunub. Bu istiqamətdə ixrac həcmi 4,2 min ton, dəyəri isə 2,8 milyon ABŞ dolları təşkil edib. Qeyd olunur ki, Gürcüstandan Azərbaycana bu markalı benzinin tədarükü bir neçə ildir həyata keçirilmir.

Ötən ilin eyni dövründə isə Azərbaycandan “Aİ-95” markalı benzinin ixracı qeydə alınmayıb.

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-95” markalı benzin idxal etdiyi ölkələr:

Ölkə Miqdar (ton) Məbləğ (min ABŞ dolları)
Belarus 6 964,55 8 833,38
Rusiya 51 705,95 49 196,54
Bolqarıstan 1 400,24 1 173,08
Rumıniya 11 664,79 10 015,67
Gürcüstan 1 499,08 1 236,46

Bundan əlavə, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–avqust aylarında Azərbaycanda 946,4 min ton avtomobil benzini istehsal olunub. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 min ton və ya 2,8% azdır.

Sentyabrın 1-nə olan məlumata görə, ölkədə hazır benzin ehtiyatı 53,2 min ton olub.

Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 3,562 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% az olub.

Fuad Mədətov
Finss.az