Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyə Respublikası Prezidentinin İnvestisiya və Maliyyə İdarəsinin (CBYFO) Maliyyə Departamentinin rəhbəri Dr. Tarık Akın ilə görüş keçirilib.
Azərbaycana səfəri çərçivəsində Mərkəzdə baş tutan görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonağı salamlayaraq Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsinin, birgə layihə və tədqiqatların həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, Mərkəzdə icra olunan layihələr və həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verərək qeyd edib ki, bu kimi birgə təşəbbüslər iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinə və ümumi inkişaf prosesinə mühüm töhfə verəcək.
İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov görüş zamanı Mərkəzdə həyata keçirilən monitorinq və qiymətləndirmə prosesləri haqqında geniş məlumat təqdim edib. O, qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğulayaraq, bu istiqamətdə təkcə Azərbaycan–Türkiyə çərçivəsində deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) timsalında birgə araşdırmaların və təşəbbüslərin vacibliyini qeyd edib.
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə dövlət proqramlarının icrasının monitorinqi üzrə tətbiq edilən rəqəmsal hesabatlılıq platformalarını təqdim edərək, məlumatların şəffaflığı və nəticəyönümlü idarəetmə sahəsində Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmalar barədə məlumat verib.
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova isə Mərkəzin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi fəaliyyətlər, nəşr olunan “Türk İqtisadi İcmalı” və digər birgə layihələr barədə danışıb.
Görüşün sonunda tərəflər birgə tədqiqatların aparılması və bu istiqamətdə əməkdaşlığın Türk Dövlətləri Təşkilatı timsalında genişləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.



