BİZNES

23 Oktyabr

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımalarının dəyəri bu il 1,736 milyard dollar olub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1,697 milyon ton yük daşınıb, bunun dəyəri isə 1,736 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalıb: dəyər ifadəsində 131 milyon dollar və ya 7%, həcm baxımından isə 433 min ton və ya 20% azalma qeydə alınıb.

Hesabat dövründə dəniz nəqliyyatı vasitəsilə Azərbaycandan 164,2 min ton yük ixrac olunub, dəyəri 104 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə dəyər baxımından 30% artım, həcm baxımından isə 2,5 dəfə çoxalma deməkdir.

Eyni zamanda, Azərbaycana dəniz yolu ilə 1,533 milyon ton yük idxal olunub, dəyəri 1,632 milyard ABŞ dolları olub. Bu göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 8,6%, həcm baxımından isə 25,8% azalma göstərir.

Fuad Mədətov
Finss.az