BİZNES

22 Oktyabr

Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır

Finss.az - KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında bu istiqamətdə sənəd imzalanıb.

Astana şəhərində keçirilən Azərbaycan–Qazaxıstan Biznes Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Azərbaycanın KOB evi modeli ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov imzalayıblar.

Memorandum Azərbaycanın KOB evi modeli təcrübəsinin Qazaxıstanda tətbiqi imkanlarına dair əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, KOBİA sahibkarlara vahid məkanda xidmət modeli olan KOB evinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı təcrübəsini Qazaxıstanın Xarici Ticarət Palatası ilə bölüşəcək, bu məqsədlə təlimlərin və səfərlərin təşkili, zəruri hüquqi bazanın yaradılması üçün məsləhət dəstəyi, KOB evlərində göstərilən xidmətlərin Qazaxıstanda KOB-ların ehtiyaclarına uyğunlaşdırılmasına kömək, eləcə də KOB-lar üçün dəstək infrastrukturu, innovativ və rəqəmsal xidmətlərin inkişafına yönəlmiş layihələr haqqında məlumat mübadiləsi və s. nəzərdə tutulur.

Səfər çərçivəsində KOBİA nümayəndələri Azərbaycan-Qazaxıstan Biznes Şurasının 3-cü iclasında da iştirak ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Biznes Şuranın iki ölkənin sahibkarları arasında əməkdaşlıq, təcrübə və tərəfdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm platformaya çevrildiyini və Agentliyin belə platformaları dəstəklədiyini qeyd edib. Bildirilib ki, KOBİA Biznes Şura çərçivəsində biznes missiyaların və görüşlərin təşkilini, iş adamlarının iştirakı ilə birgə layihələrin icrasını dəstəkləyir.

Həmçinin, KOBİA nümayəndələri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi, səfir Kairat Sarybay ilə görüşüb. AQEM-in Astanadakı yeni qərargahında keçirilən görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə Biznes Şura çərçivəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub. Qeyd edək ki, AQEM Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik KOBİA tərəfindən həyata keçirilir.