BİZNES

21 Oktyabr

L'Oréal 4 Milyard Avroya Kering-in Gözəllik Biznesini Alır

Finss.az xəbər verir ki, Fransız gözəllik sənayesinin lideri L'Oréal, Gucci, Balenciaga və Bottega Veneta kimi brendlərə sahib olan Kering SA-nın gözəllik məhsulları seqmentini 4 milyard avroya almaq üçün razılığa gəlib.

Bu, L'Oréal tarixində ən böyük satınalma əməliyyatıdır və 2026-cı ilin birinci yarısında bağlanması planlaşdırılır. Razılaşma nağd ödənişlə həyata keçiriləcək.

Sövdələşmə çərçivəsində L'Oréal yalnız məşhur Creed ətir xəttini deyil, həm də Gucci, Bottega Veneta və Balenciaga brendləri üzrə 50 illik eksklüziv lisenziya hüququ əldə edəcək. Bu hüquq L'Oréal-a həmin markalar altında ətir və gözəllik məhsulları inkişaf etdirmək imkanı verir. Şirkət həmçinin lisenziyalı brendlərin istifadəsi üçün Kering-ə qonorar da ödəyəcək.

Bu satınalma L'Oréal-ın luks segmentində bazar payını gücləndirməyə və rəqabət üstünlüyünü artırmağa yönəlib.