BİZNES

17 Oktyabr

Azərbaycan inklüziv nəqliyyat təcrübəsini Parisdə beynəlxalq forumda təqdim edib – ITF 2025

Finss.az - Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Nəqliyyat Forumu (ITF) tərəfindən “Əlilliyi olan şəxslərin nəqliyyata çıxış imkanları” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada təmsil olunub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi, ITF Katibliyinə ezam olunan milli ekspert Əliş İsmayılov müxtəlif sessiyalardakı çıxışında ölkəmizin təcrübəsini bölüşüb.

Ölkəmizdə nəqliyyat və kommunikasiya sahəsində qurumlararası əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan islahatlar, ictimai nəqliyyatda yeni maliyyə mexanizminin tətbiqi haqqında məlumat verilib. Bu tədbirlərin nəqliyyat sektorunun maliyyə dayanıqlığını artırmaq və xidmətlərin keyfiyyətini yüksəltmək baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sessiya rəhbəri bu islahatları yüksək qiymətləndirərək Azərbaycan təcrübəsinin yekun hesabata nümunə kimi daxil ediləcəyini deyib.

Tədbirdə Yaponiya, İrlandiya, Avstriya, Kanada, Portuqaliya, Niderland və digər ölkələrin nüfuzlu qurumlarının nümayəndələri iştirak ediblər. Dəyirmi masa nəqliyyata bərabər çıxış imkanlarının təmini və inklüziv nəqliyyat siyasətinin inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsi baxımından vacib platforma rolunu oynayıb. Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə tanınması ölkəmizin inklüziv nəqliyyat sahəsində də uğurlu fəaliyyətini bir daha təsdiqləyib.

Fuad Mədətov
Finss.az