BİZNES

15 Oktyabr

Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracı 7,6% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 478 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 27,5 milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,7 milyon ABŞ dolları və ya 20,6%, həcm ifadəsində isə 33,6 milyon kVt/saat və ya 7,6% artıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-avqust ayları ərzində Gürcüstandan Azərbaycana 2,2 milyon ABŞ dolları dəyərində, 34,3 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 340 min ABŞ dolları və ya 13,2% artım, həcm ifadəsində isə 5,2 milyon kVt/saat və ya 13,2% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,8 milyon ABŞ dolları və ya 8,3%, həcm ifadəsində isə 98,8 milyon kVt/saat və ya 10% azalma deməkdir.

Hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində, 115,6 milyon kVt/saat elektrik enerjisi idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 min ABŞ dolları və ya 0,5% artım, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və ya 6,2% azalma müşahidə olunub.

Fuad Mədətov
Finss.az