BİZNES

15 Oktyabr

Səkkiz ayda Azərbaycan üç ölkədən 370 milyon dollarlıq xam neft idxal edib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 369,4 milyon ABŞ dolları dəyərində, 762,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2 dəfə, həcm baxımından isə 1,7 dəfə azalıb.

Cari ilin ilk 8 ayında xam neft məhsulları Qazaxıstan, Rusiya və İraqdan idxal olunub. Belə ki, Qazaxıstandan 38,2 milyon ABŞ dolları dəyərində 69,1 min ton, Rusiyadan 331 milyon ABŞ dolları dəyərində 692,7 min ton, İraqdan isə 162 min ABŞ dolları dəyərində 439 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alınıb.

Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə sözügedən məhsulların ixracı qeydə alınmayıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə 8,396 milyard ABŞ dolları dəyərində, 15,925 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,912 milyard ABŞ dolları və ya 18,5%, həcm ifadəsində isə 551,050 min ton və ya 3,3% azalma deməkdir.

Fuad Mədətov
Finss.az