BİZNES

14 Oktyabr

Kommünike üçtərəfli münasibətləri inkişafı etdirməklə tranzit daşımaları da intensivləşdirəcək

Finss.az - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında imzalanan üçtərəfli kommünike regional əməkdaşlıq və inkişaf üçün mühüm məsələləri əhatə edir. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, qonşu ölkələr arasında əməkdaşlıq imkanlarına dəstək verən bütün addımlar həm milli inkişaf, həm regional, həm də qlobal inkişaf baxımından çox önəmlidir. O cümlədən, Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci 1 noyabr tarixli Birgə Bəyanatının müddəalarına əsaslanan kommünikedə iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı ticarətin təşviqi, təhlükəsiz və etibarlı iqtisadi tərəqqi mühitinin formalaşdırılması, regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, birgə enerji layihələrinin reallaşdırılması kimi məsələlər öz əksini tapıb.

Azərbaycan Avropanın enerji təminatı və təhlükəsizliyində aparıcı bir dövlətdir, zəngin yeraltı və yerüstü, bərpa olunan enerji qaynaqlarına sahibdir. Kommünikedə əks olunan enerji sahəsində əməkdaşlıq məsələləri ölkəmizin enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq. Digər tərəfdən, əldə olunmuş kommünike işğaldan azad edilmiş ərazilərdə formalaşdırılan enerji infrastrukturu, yaşıl enerji mənbələri hesabına enerji ixracatına da kömək edə bilər.  

Aqil Əsədovun sözlərinə görə, istər qarşılıqlı iqtisadi əməkdaşlıq, istərsə də etibarlı inkişaf mühitinin olması davamlı və dinamik tərəqqi üçün olduqca zəruridir. Həm də ona görə ki, hər hansı inkişafı nəqliyyatsız və enerji təminatı olmadan təsəvvür etmək mümkün deyil. Nəzərə alsaq ki, Azərbaycan, İran və Rusiya qonşu dövlətlər olmaqla yanaşı, bir sıra beynəlxalq nəqliyyat dəhlizlərində də birgə təmsil olunurlar, onda bu kommünikenin əhəmiyyətliliyi daha da aydın olar.

İqtisadçı alimin fikrincə, kommünike Şimal-Cənub nəqliyyat dəhlizinin tam istismara hazırlanmasına öz dəstəyini verməklə üzv ölkələrin tranzit imkanlarını daha da artıracaq. Kommünike nəqliyyat dəhlizləri boyunca infrastruktur təminatın sinxronlaşdırılmasını da özündə əks etdirir ki, bu da dəhlizin tam potensialı ilə işləməsinə şərait yaradacaq. Şimal-Cənub nəqliyyat dəhlizi 15 milyon ton illik yükaşırma gücünə hesablanıb və kommünikedə bu istiqamətdə də birgə fəaliyyətin təşkili razılaşdırılıb.    

Kommünikenin diqqəti cəlb edən daha bir vacib bəndi avtomobil daşımaları üzrə xüsusi İşçi qrupun yaradılması ilə bağlıdır. Gömrük, sərhəd, nəqliyyat və s. əlaqədar qurumların nümayəndələrinin təmsil olunacağı işçi qrup sərhəd-buraxılış prosedurlarını sinxronlaşdırmağa, birgə koordinasiyaya, tranzit daşımalarla bağlı məlumatların qarşılıqlı mübadiləsinə kömək edəcək ki, bu da intensivliyi artıracaq, yük cəlbediciliyinə müsbət təsir göstərəcək. 

Aqil Əsədovun fikrincə, tranzit daşımaların təşviqi məqsədilə üç ölkənin gömrük qurumlarının qarşılıqlı fəaliyyəti üçün üçtərəfli işçi qrupun formalaşdırılması da olduqca mühüm məsələdir. Ümid edilir ki, kommünike Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisini daha da tezləşdirəcək, regionda uzunmüddətli üçtərəfli inkişaf mühiti formalaşdıracaq. Kommünikedə rəqəmsallaşdırma ilə bağlı da ümumi razılığa gəlinib. Həm ona görə ki, rəqəmsallaşma zamanın tələbidir, qlobal çağırışdır və ondan yayınmaq mümkün deyil. Həm də rəqəmsallaşmanın birtərəfli olması, dəhliz üzrə digər ölkələri əhatə etməməsi özünü tam doğrultmur, lazımı səmərəliliyi təmin etmir. Bu mənada, rəqəmsallaşdırma ilə bağlı kommünikedə əldə edilmiş razılıq da xüsusi vurğulanmalıdır.

Azərbaycan dövləti hələ uzun illər öncədən bu prosesləri həyata keçirir, bu istiqamətdə ardıcıl qərarlar, proqram və layihələr qəbul olunur, icra edilir. 2015-cı ildən ölkəmizdə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir, rəqəmsallaşma ilə bağlı müvafiq addımlar atılır, tranzitlə bağlı bütün sahələrdə proqram təminatlı işlər aparılır, ölkəmizdə tranzit daşınmaların təşviqi istiqamətində Fəaliyyət Planı qəbul edilib. Dövlət başçısı tərəfindən dəfələrlə beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə tranzit daşımaların təşviqi, birgə koordinasiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin intensivləşdirilməsi istiqamətində müvafiq çağırışlar da edib. Sevindirici haldır ki, nəhayət dəhliz boyunca digər ölkələr də tranzit daşınmalar ilə bağlı çağırışlara qoşulur və bu istiqamətdə addımlar atır. Proqnozlaşdırılır ki, kommünikedə əks olunmuş məsələlər tezliklə praktikada da özünü doğruldaraq milli və regional inkişafa, tranzit daşımaların artımına, regionun dünyanın aparıcı tranzit qovşağına çevrilməsinə öz bəhrəsini verəcək.