Azərbaycan bərpa olunan enerjidə payı 2035-ci ilə qədər 42,5%-ə çatdırmağı planlaşdırır.
Finss.az xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Astanada keçirilən "KAZENERGY" Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, mövcud templərlə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdəki payı 2030-cu ilə qədər 38%, 2035-ci ilə qədər isə 42,5% olacaq. Qarşıdakı iki ildə isə bu sahəyə 3 milyard ABŞ dolları həcmində investisiya yönəldiləcək; bu, səkkiz günəş və iki külək stansiyasına investisiya deməkdir və əlavə iki giqavat güc təmin olunacaq.
Nazir müavini elektrik enerji saxlama sistemlərinin əhəmiyyətini də vurğulayıb:
“Bir sıra ölkələrdə baş verən son elektrik kəsintiləri göstərir ki, bərpa olunan enerji mənbələrinin etibarlı fəaliyyəti üçün ehtiyat saxlama sistemləri vacibdir. Bu, böyük güclərin milli enerji sisteminə təhlükəsiz inteqrasiyasını təmin edəcək.”