BİZNES

01 Oktyabr

Azərbaycanda akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır

Finss.az - Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi respublika ərazisində fəaliyyət göstərən (qeydiyyatda olan və olmayan) akvakultura təsərrüfatlarının ilkin uçotunu həyata keçirir.

Bu məqsədlə təsərrüfat sahibləri – fiziki və hüquqi şəxslər öz ad, soyad, ata adı, əlaqə nömrəsi, ünvanı, təsərrüfatın sahəsi, su səthinin ölçüsü, yetişdirilən növlər, hər növ üzrə həcmlər və satış üçün nəzərdə tutulan miqdarları göstərərək məlumatları [email protected] elektron ünvanına göndərməlidirlər.

İlkin uçotun əsas məqsədi ölkə ərazisində fəaliyyət göstərən təsərrüfatların:

  • sayını,
  • coğrafi yerləşməsini,
  • istifadə olunan su resurslarını,
  • yetişdirilən akvakultura növləri üzrə illik istehsal həcmlərini,
  • ümumi istehsal potensialını müəyyənləşdirməkdir.

Toplanacaq məlumatlar gələcəkdə yerli istehsalın təşviqi, subsidiya layihələrinin hazırlanması, təsərrüfatların qeydiyyatının sadələşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin sürətləndirilməsinə xidmət edəcək.

Nazirlik fermerlərdən və sahibkarlardan formaları dolğun və dəqiq məlumatlarla doldurmalarını xahiş edir.