Finss.az xəbər verir ki, Yaponiyanın tanınmış oyun konsolu və video oyun istehsalçısı olan Nintendo Co., rəhbərlik dəyişikliyi ilə gündəmdədir. Şirkətin gəlir, marketinq və müştəri təcrübəsi üzrə icraçı vitse-prezidenti Devon Pritchard, Nintendo Amerika bölməsinin yeni prezidenti təyin olunub.
Yeni təyinat 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və Pritchard bu tarixdən etibarən uzun illər Nintendo-nun ABŞ bazarındakı fəaliyyətinə rəhbərlik etmiş Duq Bouzeri əvəz edəcək.
Devon Pritchard video oyun sənayesində 19 illik zəngin təcrübəyə malikdir və o, bu təyinatla yanaşı Nintendo of Americanın idarə heyətinə və direktorlar şurasına da daxil olacaq. Onun təyinatı şirkətin ABŞ bazarındakı fəaliyyətini daha da gücləndirməyi, müştəri təcrübəsini inkişaf etdirməyi və marketinq strategiyalarını yeniləməyi hədəfləyir.
Qeyd edək ki, Nintendo, Switch oyun konsolu və məşhur Mario, Zelda, Pokémon kimi oyun seriyaları ilə dünya üzrə milyonlarla istifadəçiyə sahibdir. Şirkətin Amerika bazarı isə ümumi gəlirlərin böyük bir hissəsini təşkil edir və bu baxımdan rəhbərlik dəyişikliyi strateji əhəmiyyət daşıyır.
