BİZNES

30 Sentyabr

İtaliyada 6 neft şirkətinə qiymət manipulyasiyasına görə 936 milyon avro cərimə

Finss.az xəbər verir ki, İtaliyanın Antiinhisar Tənzimləyicisi AGCM, neft qiymətlərində manipulyasiya və gizli razılaşmalar səbəbindən altı böyük neft şirkətini ümumilikdə 936 milyon avro cərimələyib. Bu cərimə Avropada milli səviyyədə tətbiq edilən ən böyük antimonopoliya sanksiyalarından biri hesab olunur.

Cərimələr arasında ən böyük məbləğ İtaliyanın Eni şirkətinə tətbiq olunub – 336 milyon avro. Bundan başqa, ExxonMobil-ə məxsus Esso, İtaliyanın IP, Küveytin Q8 şirkətləri 129 milyon avrodan 172 milyon avroya qədər cərimə alıblar. Hollandiyanın Tamoil və İtaliyanın Saras şirkətləri isə 100 milyon avrodan az cərimə ilə üzləşiblər.

Financial Times-ın yaydığı məlumata görə, bu şirkətlər birgə fəaliyyət göstərərək yanacaq qiymətlərini süni şəkildə yüksək səviyyədə saxlamaq üçün razılaşmalar həyata keçiriblər. AGCM bunun istehlakçıların hüquqlarının pozulması və ədalətli rəqabət prinsiplərinə zidd olduğunu bildirib.

Bu qərar beynəlxalq enerji bazarlarında şəffaflığın və rəqabətin vacibliyini bir daha gündəmə gətirib. Şirkətlərə qarşı aparılan araşdırmalar nəticəsində bazarda qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülüb.