Finss.az - Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən panel sessiyada birbaşa xarici investisiya cəlb etmək istəyən ölkələrin qarşısında duran çağırışlar, Azərbaycanda sənayenin və innovasiyaların inkişafı üçün atılan addımlar barədə müzakirələr aparılıb.
Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycanda sənayenin inkişafının sürətləndirilməsi: bacarıqlar, innovasiya və strateji artım” mövzusunda panel sessiya keçirilib.
“ANEWZ” televiziyasının əməkdaşı Nadya Giyanenin moderatorluğu ilə keçirilən paneldə “GenAI Works” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Stiv Nuri süni intellektin gündəlik həyat, iş və təhsilə təsiri barədə məlumat verib. Süni intellektdən düzgün istifadənin, müasir bilik və bacarıqların artırılmasının və “Coursera” kimi platormalardan yararlanmağın əhmiyyətini vurğulayıb. Qeyd olunub ki, təhsil proqramlarının yeni çağırışlara uyğunlaşdırılması önəm kəsb edir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. “Sənaye 4.0 hazırlıq proqramı”, insan kapitalının inkişafı istiqamətində görülən işlər qeyd edilib. Bildirilib ki, “Sənaye 4.0 hazırlıq proqramı” çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, onların spesifik ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır.
“FutureThink” şirkətinin baş icraçı direktoru və “Why Simple Wins” bestsellerinin müəllifi Liza Bodel, investisiyaların təşviqi, iqtisadi inkişaf və strateji tərəfdaşlıq üzrə ekspert Rina Bardik və İstanbul İqtisadi Araşdırmalar Mərkəzinin idarəedici tərəfdaşı Can Selçuki istehsal, energetika, logistika və İKT kimi yüksək potensiala malik sahələrdə investisiya imkanları, texniki və sahibkarlıq bacarıqlarının inkişafının yeni sənaye mərkəzlərinin fəaliyyətini dəstəkləməsi, yüksək əlavə dəyərli investisiyaların cəlbi məqsədilə innovativ sənaye ekosistemlərinin yaradılması ətrafında fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycanda investisiya cəlbi üçün münbit şərait var. Birbaşa xaici investisiya cəlbi üçün ölkələrin süni intellekt kimi yeniliklərin inkişafında maraqlı olması, proqnozlaşdırmaya imkan verən iqtisadi mühitin mövcudluğunun əhəmiyyəti diqqətə çatdırılıb.
Paneldə əmək bazarının tələblərinə uyğun peşə və texniki bacarıqların inkişaf etdirilməsi, ikili təhsil modellərinin tətbiqi və təhsil-sənaye əməkdaşlığının genişləndirilməsi ətrafında müzakirələr aparılıb.
Panel sessiya çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov və Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayevin iştirakı ilə “Qarabağ və Şərqi Zəngəzurun bərpası və dayanıqlı inkişafı” mövzusunda fikir mübadiləsi (fireside chat) aparılıb. E.Hüseynov sessiyada Qarabağ və Şərqi Zəngəzur bölgəsində infrastrukturun bərpası, sərmayə imkanlarının təşviqi və uzunmüddətli rifahın yaradılması üzrə dövlət strategiyası, bu istiqamətdə görülən işlər barədə danışıb.
Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev regionda tibb sahəsində peşəkar kadrların hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib. Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.









