Finss.az - Görüşdə ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətini həyata keçirən kalibrlənmə laboratoriyaları tərəfindən akkreditasiya nişanından istifadə hüququnun əldə edilməsi üçün həmin laboratoriyaların akkreditasiyadan keçməsinin zəruriliyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun istifadəsinə həsr olunmuş növbəti maarifləndirici görüş keçirilib. Onlayn formatda təşkil olunan görüşə 16 kalibrləmə laboratoriyasından 30-a yaxın nümayəndə qatılıb.
Görüşdə kalibrləmə laboratoriyalarının təmsilçilərinə asan imza və ya elektron imza vasitəsilə sözügedən modul üzərindən “Kalibrlənmə sertifikatı”nı elektron qaydada tərtib etmək imkanı barədə məlumat verilib. Bildirilib ki, yeni modulun tətbiqi ilə elektron formada yaradılan sənədlərin üzərinə eyniləşdirməni təmin edən QR kodların əlavə olunması onların tanınmasını asanlaşdırır və vətəndaşların müvafiq qurumlara etimadını artırır.
Daha sonra praktiki nümunələr əsasında “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin nəticələri barədə digər sənədlərin elektron yaradılması” alt modulunun funksionllığına dair izahlar təqdim olunub. Yeni modulun tətbiqinin qurumların qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə və akkreditasiya sahəsində qüvvədə olan tələblərin pozulmasının qarşısının alınmasına şərait yaradacağı bildirilib.
Qeyd: “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliyə əsasən, ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətini həyata keçirən kalibrlənmə laboratoriyaları uyğunluğu qiymətləndirən qurum hesab olunur. Bu səbəbdən akkreditasiya nişanından istifadə hüququnun əldə edilməsi üçün həmin laboratoriyaların akkreditasiyadan keçməsi zəruridir.