Finss.az - Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) öz işinə başlayıb.
Tədbirin açılış mərasimində Prezident İlham Əliyevin Birinci Azə`rbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciəti oxunub. Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, “The European House – Ambrosetti” (TEHA) beyin mərkəzinin strateji tərəfdaşlığı, həmçinin “Euronews”un media və “Sea Breeze” turizm zonasının təşkilatı dəstəyi ilə keçirilən forum iki gün davam edəcək. Forumun keçirilməsində məqsəd Şərq və Qərbin, Şimal və Cənubun strateji qovşağında yerləşən Azərbaycanın region ölkələri ilə konkret layihələr üzrə tərəfdaşlıqların genişləndirilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda ölkəmizin şəffaf və dayanıqlı iqtisadiyyatı, əlverişli işgüzar mühiti, strateji inkişaf prioritetləri, geniş investisiya imkanları və mühüm nəqliyyat-logistika üstünlükləri barədə məlumatlılığı daha da artırmaq və beynəlxalq marağı təşviq etməkdir.
Tədbirdə müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, “yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və panel sessiyaları keçiriləcək. Tədbirin ikinci günü dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, “yaşıl” keçid və digər mövzulara həsr olunan panel sessiyaları baş tutacaq. Tədbir çərçivəsində həmçinin müxtəlif mövzularda tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi təşkil edilib.
Açılış mərasimində çıxış edən “The European House – Ambrosetti” beyin mərkəzinin idarəedici partnyoru Valerio De Molli qlobal geostrateji reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının zəruriliyini vurğulayıb. Beyin mərkəzinin fəaliyyəti və 100-dən çox ölkədə həyata keçirilən strateji təhlillər barədə məlumat verib. Dialoq və səmimi müzakirələrin yeni tərəfdaşlıqların qurulmasında əhəmiyyətli rol oynadığı və Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ideyaların və uzunmüddətli investisiya baxışlarının formalaşması baxımdan önəmli təşəbbüs olduğu bildirilib.
“Sea Breeze” turizm zonasının təsisçisi və rəhbəri Emin Ağalarov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarını salamlayaraq təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün strateji platforma olduğunu bildirib. “Sea Breeze” ərazisində foruma ev sahibliyi etməyin böyük məmnuniyyət doğurduğunu vurğulayıb. Belə platformaların iş adamları arasında yeni əlaqələrin qurulması və innovativ ideyaların reallaşmasına təkan verdiyi diqqətə çatdırılıb.
“Euronews”un Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə aparıcı redaktoru Ceyn Vizerspunun moderatorluğu ilə keçirilən açılış mərasimində iştirakçılara Azərbaycanın iqtisadi inkişafı və investisiya imkanlarını əks etdirən videoçarx nümayiş olunub.
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu plenar sessiya və panel iclaslarla davam etdirilir.



