BİZNES

22 Sentyabr

Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək

Finss.az - Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək.

Attestasiya Komissiyası tərəfindən yoxlayıcıların  peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsi aparılacaq.

“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə 25 sentyabr 2025-ci il tarixinədək müvafiq ərizə formasını (“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşa ərizə, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Attestasiyadan uğurla keçmiş yoxlayıcılara Agentlik tərəfindən 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.

  • Tarix: 30 sentyabr 2025-ci il, saat 15:00 – 17:00
  • Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin inzibati binası
  • Ünvan: Üzeyir Hacıbəyov küçəsi 84, Hökumət Evi, 7-ci qapı.