BİZNES

11 Sentyabr

Regionlarda hazırda biznesdə uğur qazanmaq üçün böyük imkanlar mövcuddur – Sakit Səmədov

Regionlarda hazırda biznesdə uğur qazanmaq üçün böyük imkanlar mövcuddur.

Bunu Finss.az-a açıqlamasında biznes eksperti Sakit Səmədov bildirib. Onun sözlərinə görə, regionlara iqtisadi, siyasi və sosial dəstək artıb:

“Hal-hazırda Azərbaycanda restoran və kafe konseptləri əsasən Bakıda doymuş vəziyyətdədir, lakin regionlarda bu sahə hələ inkişaf mərhələsindədir.”

Ekspert qeyd edib ki, regionlarda biznesin inkişafı üçün düzgün yanaşma vacibdir:

“Beş il əvvəl regionlarda fəaliyyət göstərməyə çalışan, lakin uğur qazana bilməyən brendlər indi yenidən orada fəaliyyətə başlamağı düşünürlər. Bununla paralel olaraq, əyləncə və yeyib-içmə sahələri regionlarda sürətlə inkişaf edir.”

S.Səmədov əlavə edib ki, bölgələrdə investisiya mühiti də getdikcə əlverişli olur:

“İkinci Qarabağ müharibəsindən sonra Qarabağda sənaye infrastrukturu, otelçilik, turizm, kənd təsərrüfatı və digər sahələr ciddi şəkildə inkişaf etməkdədir. Regional inkişafın sənaye və investisiya xəritəsi göstərir ki, həm dövlət strategiyası, həm də özəl sektor səyləri birləşərək investisiyaların səmərəli yönəldilməsinə imkan yaradır.”

Ekspert vurğulayıb ki, regionlarda yeni biznes ideyalarının uğur qazanması üçün həm bazar ehtiyaclarını düzgün analiz etmək, həm də yerli infrastruktur və sosial dəstək imkanlarından maksimum yararlanmaq vacibdir. Belə yanaşma regionlarda həm dövlət strategiyası ilə üst-üstə düşür, həm də sahibkarların investisiyalarını səmərəli şəkildə yönəltməsinə şərait yaradır.

Fuad Mədətov
Finss.az