Finss.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Milanda keçirilən Gastech konfransında Botaş ilə BP plc arasında mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə üçillik müqavilənin imzalandığını açıqlayıb. Müqavilə çərçivəsində Botaş hər il 1,6 milyard kubmetr qaz (təxminən 1,2 milyon ton LNG) idxal edəcək.
Nazirin sözlərinə görə, bu əməkdaşlıq qış mövsümündə fasiləsiz enerji tədarükünü təmin etmək, enerji mənbələrini şaxələndirmək və ticarət çevikliyini artırmaq baxımından strateji əhəmiyyət daşıyır.
Bundan əlavə, Botaş İtaliyanın Eni şirkəti ilə də ildə 0,5 milyard kubmetr LNG tədarükü üzrə analoji müqavilə imzalayıb. Eyni zamanda Oman LNG ilə əlavə həcmdə qaz alınması imkanları araşdırılır.
Türkiyə 2024-cü ildə ümumilikdə 12 milyard kubmetr (9,3 milyon ton) LNG idxal edib. 2025-ci ilin ilk altı ayında bu rəqəm 9,5 milyard kubmetrə (7,3 milyon ton) çatıb.